YAP Qaradağ rayon təşkilatı seçicilərlə görüş keçirib FOTOLAR - SƏS TV

24 Mart 2018 14:43 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, rayon ziyalıları, ağsaqqallar və rayon sakinlərinin iştirak etdikləri görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, YAP qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb.

Onun sözlərinə görə, YAP-ın bu qərarı xalqımızın istək və arzularından irəli gəlir və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyni ifadə edir: “Çünki cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam və inkişaf etdirir, onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Prezident İlham Əliyev hər zaman vədinə əməl edən liderdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür”.

A.Hüseynov əlavə edib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb: “Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyatımız 3.2 dəfə artıb, 1.9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir”.

Görüşdə çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvü Zahid İbrahimov, Qaradağ rayon Əli Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev, aprel döyüşçüsü Emil Abbasov, Qaradağ rayon Veteranlar şurasının üzvü, Paşa Məmmədov, YAP Qaradağ rayon təşkilatının seçki Qərargahının üzvü Xaliq Məmmədov və digərləri Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.