MSK Səhiyyə Nazirliyi ilə birgə tədbir keçirir YENİLƏNİR

23 Mart 2018 11:07 (UTC+04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirəsi keçirilir. SİA-nın verdiyi məlumata görə, komissiyanın inzibatı binasında baş tutan tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə prezident seçkilərinin təşkilinə dair məsələlərə həsr olunub.

Seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin nümayəndəsi tərəfindən səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları, habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları barədə məruzələr edilib və təqdimatlar keçirilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Seminar-müşavirə gündəlikdə nəzərdə tutulduğu kimi, səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə prezident seçkiləri ilə əlaqədar müxtəlif məsələlər ətrafında müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.