Sabunçu seçiciləri möhtəşəm gələcəyimizə səs verəcəklər

22 Mart 2018 19:53 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının "İlhamla irəli" şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində bu gün YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin təşkilatçılığı ilə Maştağa Mədəniyyət Evində seçicilərlə görüş keçirildi.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib və onların sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olub: "Son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində, müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib, bölgədə və dünyada qüdrəti artıbdır. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir".

Rayon təşkilatı sədri qeyd etdi ki, bütün bunların fonunda xalqımız prezident seçkilərinə özünün gələcək ümidlərinin reallışdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır.

Məhz belə möhtəşəm uğurlara və gələcək hədəflərə görə, Sabunçu rayon seçiciləri 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Pariyasının namizədi Cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının idarə heyətinin üzvü Vahid Hacıyev Cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işləri və uğurları diqqətə çəkərək, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirdi. Qeyd etdi ki, uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də mühüm və qəti

seçiminin böyük bəhrəsini görəcək. Ölkənin hər bir vətəndaşı öz həyatında bu inkişafı hiss edir. Sabunçu rayon sakinləri də Prezident İlham Əliyevin siyasətini, birmənalı tərzdə dəstəkləyir. 11 aprel seçkiləri demokratik şəraitdə, şəffaf keçəcək və xalqımız bir daha Cənab İlham Əliyevə yüksək etimad göstərəcəkdir.

Daha sonra YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək 11 apreldə yekdilliklə seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırdılar.

Nəzakət ƏLƏDDİNQIZI