Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP-ın Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsində seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə ziyalılar, ağsaqqallar və rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov açaraq partiyanın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib: "Partiyamızın sədri, prezidentliyə namizədi İlham Əliyev dövlət başçısı olaraq daim regionlara səfər edib və bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm qərarlar verib. Məhz bunun nəticəsində də Azərbaycanın bölgələri dinamik inkişaf edir. 2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində ölkənin hər bir guşəsi hərtərəfli inkişaf edib".
Görüşdə çıxış edənlər - Qərargahın üzvü Xaliq Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasov, Zahid İbrahimov, Əlzamin Məmmədov, Fikrət Nəsibov artıq seçimlərini etdiklərini və Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.