Azərbaycanın və Türkiyənin diaspor nümayəndələri Kopenhagendə aksiya keçiriblər

20 Mart 2018 18:07 (UTC+04:00)

Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor təşkilatlarının nümayəndələri Türkiyənin bu ölkədəki səfirliyinə edilən hücuma etiraz olaraq diplomatik nümayəndəliyin binasının önündə aksiya keçiriblər. Aksiyada Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin və müxtəlif türkdilli xalqların diaspor təşkilatlarının üzvləri, habelə KİV nümayəndələri iştirak ediblər.

Baş vermiş hücumu pisləyən aksiya iştirakçıları Danimarka və türk dillərində etiraz mətni oxuyublar.

Avropalı Türk Demokratlar Birliyinin rəhbəri Fatih Alev deyib ki, bu, təkcə bir binaya qarşı deyil, türklərə qarşı hücumdur. Bunu edənlər cəzalandırılmalıdırlar.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi bu hücumun yolverilməz olduğunu söyləyib, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 18-dən 19-na keçən gecə Kopenhagendə Türkiyənin səfirliyinin binasına naməlum şəxslər tərəfindən hücum olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəyib. Danimarka polisi hadisə ilə bağlı araşdırma aparır.