Rumın tələbələr ölkəmizdə ekoloji layihələr təşkil edəcəklər

1 Noyabr 2010 19:38 (UTC+04:00)
Noyabr ayından Azərbaycan Tələbələr Birliyi (ATB) yeni bir layihənin icrasına başlayacaq. Birliyin mətbuat katibliyindən SİA-ya verilən xəbərə görə, yeni layihə Avropa Komissiyasının "Youth in Action" proqramı çərçivəsində reallaşacaq. Layihə Avropa Könüllülük Xidməti sahəsində 4 rumın tələbə-gəncin ekologiya ilə bağlı ölkəmizdə müxtəlif seminarlar, ictimai kampaniyalar, sərgilər, layihələr və s. həyata keçirməsini nəzərdə tutur.

Qeyd edilən layihə 2010-cu ilin noyabr ayından başlayaraq 2011-ci ilin may ayına kimi davam edəcək. Layihə çərçivəsində könüllülər Avropanın müxtəlif ölkələrində olan ətraf mühitlə bağlı təcrübələri ölkəmizin tələbələri ilə bölüşəcək, bu sahədə birgə müxtəlif fəaliyyətlərin edilməsinə çalışacaqlar.

Azərbaycan Tələbələr Birliyinin belə bir layihənin edilməsində əsas məqsədi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş "2010-Ekologiya ili"nə və BMT tərəfindən elan edilmiş "Biomüxtəliflik ili"nə dəstək verməkdir. Həmçinin, ATB olaraq rumın tələbələləri ölkəmizin tarixi, mədəniyyəti, musiqisi və görməli yerli ilə tanış etmək də əsas fəaliyyətlərdən biri olacaq.