Dünya çempionatında daha bir qızıl medal qazandıq-FOTO

1 Noyabr 2010 18:42 (UTC+04:00)

İtaliyanın Türin şəhərində Tələbə Güləşçilərin 9-cu Dünya Çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çempionatın son günündə yığma komandamız yunan-Roma güləşi üzrə daha bir qızıl medala sahib olub.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Orxan Paşayev inamlı çıxış edib və fəxri kürsünün ən yüksək pilləsində yer tutub. Ardıcıl olaraq bolqar Aleksandr Aleksandrov (1:0, 2:0), tacik Faruk Bekov (1:0, 5:0) və yapon Takumi Yokoyamanı (1:0, 1:0) məğlub edən Orxan Paşayev finala yüksəlib. Finalda iranlı Jasem Amiri ilə gərgin keçən qarşılaşmada (2:0, 0:2, 2:0) inamlı qələbə qazanan təmsilçimiz Tələbə Güləşçilərin 9-cu Dünya Çempionatında qızıl medala yiyələnib.

Buna qədər isə, Tələbə Güləşçilərin 9-cu Dünya Çempionatında yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) qızıl, Orxan Əhmədov (55 kq) bürünc, sərbəst güləşçilərimiz İbrahim Yusubov (74 kq) gümüş və Azər Paşayev (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərin mübarizəsində yeganə təmsilçimiz Gözəl Zutova (63 kq) isə beşinci olub.