“Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası nümayiş olunub FOTOLAR

13 Mart 2018 11:03 (UTC+04:00)

Akademik Milli Dram Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, səhnə əsəri “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim edilib.

Tamaşada görkəmli bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisindən istifadə edilib. Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Bundan başqa, tamaşada Əməkdar Artist Teyyub Aslanov xanədə kimi çıxış edib. Beş rəqqasın çıxış etdiyi əsərdə əsas rol - Nəsimi obrazı ilə bağlıdır ki, onun həyatını xeyir və şər qüvvələr əhatə edir. Bu hadisə səhnədə iki qadın və iki kişi rolları ilə təqdim olunur. Tamaşa boyu şairin düşüncələri və yaradıcılıq ilhamı, işıqlı ideallar uğurunda mübarizəsi haqsızlıq, ədalətsizlikdən çəkdiyi əzablar öz əksini tapıb. Bütün bu rəngarəng obrazlar və duyğular səhnədə musiqi və rəqs dili ilə təcəssüm olunur. Ustalıqla təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.

Xatırladaq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.