Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Karabakh" Vyana klubuna dəstək olublar. SİA-nın məlumatına görə, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə "Bakı-2015" birinci Avropa Oyunlarının qalibi, "Bakı-2017" IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nun üzvü Bəhram Bağırzadə, ATV kanalının "Həftə sonu" ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində "Karabakh" klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar. Tanınmış simalar "Karabakh" Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, azərbaycanlılar tərəfindən yaradılan komandanın tezliklə Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıblar.
Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan "Karabakh" klubu 2014-cü ildə Avstriyanın 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (Üçüncü Liqa) mübarizə aparır.