MŞ sədri: “Mediaya yüksək səviyyədə maddi dəstək göstərilir”

10 Mart 2018 11:28 (UTC+04:00)

“Azərbaycan Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib”. SİA-nın verdiyi məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayında hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb: "Mətbuat Şurasının VI qurultayından sonrakı illər mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik".

O qeyd edib ki, VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib: "Şikayətlərdən 159-u Reketçiliklə mübarizə komissiyasında araşdırılıb. "Reket jurnalistika" ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.

Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə toxunan Ə.Amaşov qeyd edib ki, dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur: “Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyətinin necə olmasını anlamırıq”.

MŞ sədri vurğulayıb ki, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir: “Lakin müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının idxalının əlavə dəyər vergisindən azad olunması bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap mediasının satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazar istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir: “Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.

Şura sədri həmçinin qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: “Bu, humanist addım olar”.