AXCP-“Milli Şura”- “REAL” qarşıdurmasına start verildi MİTİNQ QOVĞASI

7 Mart 2018 12:39 (UTC+04:00)

Mitinq problemi düşərgəni bir-birinə qatdı

AXCP-“Milli Şura” cütlüyünün mitinqləri ətrafında qalmaqallar get-gedə böyüməkdədir. Belə ki, “REAL” hərəkatının mitinqlə bağlı rədd cavabı verilər-verilməz Əli Kərimlinin social şəbəkədə yerləşdirdiyi trolları açıq təhqirlərə və söyüşlərə start verərək, “realçıları” ən ağır şəkildə təhqir edirlər. Çünki bu, onların, daha dəqiq desək Ə.Kərimlinin ən axrıncı vasitələridir ki, ona dəstək göstərməyənlərdən məhz bu yolla qisas alır.

“Milli Şura”nın dirijoru Əli Kərimli fikrinə gələn hər cür ittihamlarını öz trolları vasitəsi ilə “realçıların” üzərinə yağdırır.

Başqa tərəfdən, “cəbhəçi” trollar “REAL”ın səlahiyyətlilərinə ittihamlar yağdıraraq iddia edirlər ki, onlar mitinqə qatılmamaq qərarları ilə hərəkatın sədri İlqar Məmmədovun həbsdən azad olunmasını istəyirlər.Yəni dolayısı ilə AXCP sədri Ə.Kərimli bununla eyham vurur ki, onun özü heç də İ.Məmmədovun azadlığa çıxmasında maraqlı deyil. Çünki bir müddət əvvəl yenə də sosial şəbəkədə aparılan sorğu nəticəsində İ.Məmmədov səs çoxluğu ilə onu üstələmişdi. Bu baxımdan, Ə.Kərimliyə görə, əgər İ.Məmmədov həbsdən çıxarsa, onu çox qısa zamanda siyasi cəhətdən məhv edəcək.

Əlbəttə, “Milli Şura”nın aksiya cəhdinə “REAL”ın imtina etməsi heç də bu məsələlərlə bağlı deyil. Burada əsas məsələ “Milli Şura”nın xarici dairələr tərəfindən idarə olunmasıdır ki, bunu da bir neçə ay öncə hərəkatın icraçı katibi Natiq Cəfərli öz müsahibəsində demişdi. Lakin hazırda mövcud olanlar nə bu, nə də digər baxımdan “Milli Şura”nın maraqlarına cavab vermir və bu qurumun dirijoru Ə.Kərimli fikrinə gələn hər cür ittihamlarını öz trolları vasitəsi ilə “realçıların” üzərinə yağdırır. Özü də söyüş və həqarətlərlə…

Natiq Cəfərli: “Bu, pambıq yığımı deyil...”

Yeri gəlmişkən, N.Cəfərli “Milli Şura”nın aksiyalarına qatılmamaqla bağlı qərarın hərəkatın idarə heyətinin iclasında aparılan müzakirələrdən sonra qəbul olunduğunu deyib. Mətbuata açıqlamasında “qərar İlqar Məmmədovla razılaşdırılıb”-deyən N.Cəfərli digər tərəfdən qarşı tərəfi günahlandıraraq bildirib ki, onlardan mitinqdə sadəcə iştirak etmələri üçün müraciət olunub. Yəni mitinqin təşkili, birgə müzakirələrin aparılması və s. məsələlərlə bağlı heç bir dəvət, təşəbbüs olmayıb. Bu isə “REAL” hərəkatı üçün necə deyərlər, aşağılanmaq, saymamazlıq olaraq qiymətləndirilib. Bu səbəbdən, hərəkatın icraçı katibi bildirib: “Çox təəssüf ki, biz mitinqə yalnız dəvət aldıq. Sanki qərar verilmişdi, sadəcə, iştirakımız barədə müraciət oldu. Bizim hərəkat olaraq, əvvəlcədən müəyyən edilmədən belə tədbirlərdə iştirakımız heç zaman olmayıb”.

“REAL” rəsmisi bu cür mitinqlərin heç bir səmərə verməyəcəyini də proqnoz edib və bunu belə əsaslandırıb ki, hətta “Milli Şura”nın rəhbərliyi belə, ciddi nəticə əldə edə bilməyəcəklərini indidən bilirlər. O, hesab edir ki, Ə.Kərimli, C.Həsənli və s. şəxslər sadəcə, öz siyasi dividentləri naminə insanlardan sui-istifadə edir, onlara yalan danışaraq, elektorat bolluğu görüntüsü yaratmağa çalışırlar. Beləliklə, “hətta mitinqin təşkilatçılarının özlərində belə ciddi nəticələr əldə olunacağı haqda ümid yoxdur”-deyə qeyd edən N.Cəfərliyə görə, insanları nəticəsi olmayan prosesə cəlb etmək doğru yanaşma deyil: “İndiki halda cəmiyyətdə belə bir sosial sifarişin olduğunu da müşahidə etmirik”.

Hərəkat səlahiyyətlisi sosial şəbəkədə edilən hücumlara və “realçıların” sayının az olması iddialarına cavab olaraq qarşı tərəfə sual ünvanlayıb: ““REAL”ın tərəfdarlarının sayının az olması barədə deyilənlərə gəldikdə isə sayımız azdırsa, niyə dəvət edirdilər? Digər tərəfdən, bizim mitinqdə iştirak qərarımız olsaydı belə, normativ, götürmək fikrimiz yox idi. Bu pambıq yığımı deyil...”

“REAL” rəsmisi “Bu gün bizi təhqir edənlər bir müddət sonra bir-birilərini təhqir edəcəklər”

Təhqir olunmaları ilə bağlı məsələyə də aydınlıq gətirən “REAL” rəsmisi xatırladıb ki, əgər bu gün əsas olaraq, AXCP-dən ibarət olan “Milli Şura” və oradakı söyüş qrupları təhqir yolu ilə siyasət aparmağa davam edəcəklərsə, axırda özləri də bir-birlərini təhqir etməyə başlayacaqlar. “Sizi inandırıram ki, bu gün bizi təhqir edənlər bir müddət sonra bir-birilərini təhqir edəcəklər” deyə N.Cəfərli qarşı tərəfə cavab olaraq deyib.

Baş verənlərin təhlilini apararkən, qarşılıqlı ittihamların çərçivədən çıxıb, kəskin qarşıdurmalara çevrilməsi reallığı daha çox nəzərə çarpmağa başlayır. Yaxın vaxtlarda hətta seçkilərə qatılmayan müxalif qrupların bir-birləri ilə didişmələrinin şahidi olaraq, bu ətrafda önə sürülən proqnozların nə qədər dəqiq verildiyini görə bilərik. Artıq ilkin addım atılıb və AXCP-“Milli Şura” cütlüyünün “REAL”çılarla münasibətləri ilkin mərhələ hesab oluna bilər. Hər halda, mitinqə könülsüz qatıldığı açıq-aydın görünən Müsavat partiyasının da çox qısa zamanda bu qazanın içində qaynayaraq, məhvə doğru sürükləndiyini görə bilərik.

Rövşən RƏSULOV