Aydın Əhmədov: “Belələri öz əməllərinə görə mütləq və layiq olduqları cavablarını alacaqlar” GƏNC BAXIŞI

6 Mart 2018 16:56 (UTC+04:00)

“Avropada oturub Azərbaycanın dövlətçilik maraqları əleyhinə dırnaqrarası siyasət aparanların məqsədləri və məramları kifayət qədər bəllidir – düşmənə işləməklə, erməni lobbisinin dəyirmanına su tökmək”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının fəal gənci Aydın Əhmədov bir sıra Avropa ölkələrində Azərbaycanın dövlət rəhbərliyinə qarşı aparılan və heç bir çərçivəyə sığmayan çirkin siyasi oyunlara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, öz Vətənini, dövlətini, xalqını sevən, hörmət bəsləyən heç bir kəs bu cür addımlara getməz: “Hər bir azərbaycanlı gənc bu cür ünsürlərə qarşı mübarizə aparmaqla yanaşı, onların ifşa olunması istiqamətində də fəallıq göstərməlidir. Çünki Azərbaycan gənci bu ölkənin gələcəyidir. Gələcəyimizin daha firavan, daha inkişaflı, dövlətçilik təməllərimizin daha möhkəm əsaslara söykənməsi üçün yorulmadan milli satqınlara qarşı savaşımızı aparmalıyıq. Bu gün özlərini “siyasi mühacir”, yaxud “dissident” kimi təqdim edənlərin hər birinin şəxsi həyatlarını araşdırarkən, görürük ki, onların keçmişləri heç bir normal sosial-ictimai həyat tərzinə aid olmayıb. Xəstə təfəkkürləri ilə “lider” adlandırdıqları küçə müxalifətinin maraqlarını müdafiə edə-edə, son anda saxta sənədlər düzəltdirib, Avropa ölkələrinə köç ediblər. Sonradan isə erməni emissarlarının təlimatları əsasında Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxıblar. Əbəs deyil ki, sosial şəbəkələrdə təhqirlərə, həqarətlərə yol verən bu satılmış ünsürlər sonda xalqımız, xüsusilə gənclərimiz tərəfindən yerlərində otuzdurururlar”.

A.Əhmədov onu da bildirib ki, bu gün dövlətimiz dünyada öz mötəbər yerini qorumaqla yanaşı, həm də tərəqqi edir, iqtisadi, sosial, mədəniyyət, idman və s. istiqamətlərdə sözünü deyir: “Əlbəttə, bir ölkənin müstəqil siyasət yürütməsi bizləri sevməyənlərin qısqanclığına səbəb olur. Azərbaycan dövlətinin son illərdə qazandığı nailiyyətlər, reallaşdırılan beynəlxalq və regional layihələr düşşmənə göz dağıdır. Ona görə də erməni lobbisi və onların havadarları bu və ya digər şəkildə ən qeyri-insani davranışlara gedərək, iç üzlərini aşkara çıxarırlar. Ancaq belələri öz əməllərinə görə mütləq və layiq olduqları cavablarını alacaqlar, buna heç bir şübhələri olmamalıdır”.

Rövşən RƏSULOV