Azərbaycan şərab məhsulları mükafata layiq görülüb

5 Mart 2018 19:16 (UTC+04:00)

Azərbaycan şərab məhsulları mükafata layiq görülüb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Moldovada keçirilmiş beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycan şərab məhsullarının layiq görüldüyü mükafatların təqdimatına dair tədbir keçirilib. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı tərəfindən Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş "Black Sea Region Wines & Spirts Contest`2018" adlı müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi dequstasiya olunub. Ölkəmizi müsabiqədə təmsil edən "Gəncə Şərab-2" şirkətinin "Rkasiteli" və "Bayan şirə" üzüm sortlarından hazırlanmış "Hillside Classico" ağ desert şərabı böyük qızıl medal mükafatını qazanıb. "Gəncə Şərab-2" şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirakının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan şərablarının ixrac həcminin və coğrafiyasının genişləndirilməsi məqsədilə işlər görüldüyünü və bu məqsədlə Çində Azərbaycan Şərab Evinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.