Bəhanələrin də bir sonu olur
Sərnişindaşıma sistemində metro hər zaman öz dəqiqliyi ilə işləyən nəqliyyat vasitələrindən biri kimi qiymətləndirilib. Əslində, əvvəllər biz bu amilin dəfələrlə şahidi olmuşuq. Qatarların saniyəsinə qədər, tam vaxtında stansiyalara daxil olması, eləcə də digər müvafiq hərəkət sxemləri necə deyərlər, saat kimi işləyib.
Lakin son dövrlər ictimaiyyət bu yeraltı nəqliyyat vasitəsində ciddi axsamaların, təkrarlanan problemlərin baş verdiyini dəfələrlə görüb və yaşayıb. Təəssüf ki, belə bir arzuolunmaz vəziyyətin yaşanması özü-özlüyündə bir sıra qənaətlərə, nəticələrə gəlməyə zəmin yaradır. Misal üçün, ilk növbədə insanların işə, uşaqların məktəblərə, tələbələrin ali təhsil müəssisələrinə, xəstələrin həkimlərə gecikmələri və s. bənzər vəziyyətlərdə əsas günah birbaşa metro rəhbərliyinin üzərinə düşür və burada heç bir bəhanə mövcud təqsiri kölgədə qoya bilməz.
Ürəyi gedib, halı pisləşənlər kim, ağlayan körpə uşaqları kiridənlər kim, əsəbləri tarıma çəkilənlər kim...
Ancaq ortada digər bir məqam da var. Məsələ ondadır ki, metrodan istifadə edən insanlar problem yaranarkən, istər-istəməz platformalarda, qatarlarda sıxlıq yaşayır və belə olan halda xanımların, uşaqların, eləcə də xəstə insanların hansı hallara düşdüklərini sadəcə yaşamaq, görmək lazımdır. Mən hələ belə vəziyyətlərdən sui-istifadə edərək ciblərə girənlərin, sözün həqiqi mənasında insanların bellərinə “minənlərin” həmçinin digər rüsvayçı hərəkətlərə yol verənlərin əməllərini demirik. Ürəyi gedib, halı pisləşənlər kim, ağlayan körpə uşaqları kiridənlər kim, əsəbləri tarıma çəkilib aqressivləşənlər kim və s...Bənzər misallar onlarladır bəlkə!
Bu zaman belə bir sual yaranır: görəsən, Bakı metropoliteninin rəhbərliyi baş verən hadisə zamanı heç olmasa bircə dəfə özlərini vətəndaşların yerinə qoyublarmı? Məncə, xeyr!
Məgər etiraf edilərsə, “üzüklərinin qaşımı düşər”..?
Əgər onlar bir dəfə bənzər hala düşsəydilər, yaşasaydılar, inanmaq istərdik ki, tez-tez yaranan problemlərə cüzi də olsa son qoyulardı. Bütün bunların yerinə isə sadəcə, rəsmi və çox qısa açıqlama ilə kifayətlənilir. Məsələn, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilir ki, hər hansı bir metrostansiyada işarəvermə avadanlığında, yaxud, cərəyanverici qurğuda, tuneldə relslərdə və s.və i. baş vermiş texniki nasazlıq səbəbindən filan saatdan etibarən qatarların hərəkət intervalında gecikmə baş verib və nasazlığı aradan qaldırmağa çalışılır...Məhz bu qədər..!
Axı nəyə görə daha açıq, daha səmimi və rəsmiyyətdən maksimum kənar şəkildə ictimaiyyətə müfəssəl məlumatlar verilmir? Niyə etiraf olunmur ki, Bakı metropoliteninin rəhbərliyi öz işinin öhdəsindən lazımınca gəlməyi bacarmır? Məgər bu etiraf edilərsə, “üzüklərinin qaşımı düşər”..? Axı bəhanələrin də bir sonu olur.
Polisin “çəkmə!” deyə, həmkarlarımıza qarşı tətbiq etdikləri qanundan kənar müdaxilələri heç bir çərçivəyə sığmır
Onu da qeyd edək ki, yaşanan problemləri işıqlandırmaq istəyən bəzi həmkarlarımıza polis mane olub. Görəsən, nəyə görə bu qədər narahat olublar ki? Problemi ictimailəşdirmək əslində, həmin problemin yenidən təkrarlanmaması üçün çox münbit vasitədir. Ancaq polisin “çəkmə!” deyə, həmkarlarımıza qarşı tətbiq etdikləri qanundan kənar müdaxilələri heç bir çərçivəyə sığmır. Bu arada, mən problemin yaşandığı Həzi Aslanov metrostansiyasında bir şəkil çəkməyə müvəffəq oldum. İnanmaq istərdim ki, metropolitenin rəhbərliyi buna görə məni “xalq düşməni” elan etməz...
Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, Bakı metropoliteninin daha öncəki rəhbərliyi, lap elə deyək, Tağı müəllim problem yaranarkən (həmin vaxt problemlər demək olar ki, çox az-az baş verirdi) xalqın qarşısına çıxıb səbəbləri izah edirdi. Heç mətbuat xidmətinin də nə isə deməyinə ehtiyac qalmırdı. Görəsən, “Bakı Metropoliteni” QSC-nin hazırkı rəhbəri Zaur Hüseynov nə zaman bu kimi həssas məsələlər zamanı sərnişinlərin, medianın qarşısına çıxıb fikirlərini bölüşəcək?