Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib

3 Mart 2018 10:56 (UTC+04:00)

Martın 2-də Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində 5 Mart -Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimov və İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.

Mərasimdə bildirilib ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib, yeni Olimpiya İdman kompleksləri və idman bazalarının yaradılması ölkəmizdə idmanın kütləviləşməsini təmin edib.

Sonra 2001-ci ildən fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin fəaliyyəti barədə hesabat dinlənilib.

Qeyd olunub ki, DGK İdman Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Gömrükçü" idman klubunda 23 idman növü üzrə 540 idmançı 22 məşqçi-müəllimin rəhbərliyi altında müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Klubda fəaliyyət göstərən idman növlərindən 11-i olimpiya, 12-si qeyri-olimpiya idman növüdür. Hazırda klubda olimpiya idman növlərindən - boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvando, cudo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, karatenin WKF növü, futbol, qeyri-olimpiya idman növlərindən - kikboksinq, çerlidinq, kempo-karate və kobudo, kik-cutsi, uşu-sanda, muay-tay, poverliftinq, kontakt-karate, budo, şaolin döyüş sənəti və şahmat idman növləri mövcuddur. Klubu 9 əməkdar məşqçi, 4 fəxri bədən tərbiyəsi və idman işçisi təmsil edir.

2017-ci ildə DGK İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi altında "Gömrükçü" idman klubunun bir sıra açıq birincilik və çempionatları keçirilib. Ötən il ərzində 11 idman növü üzrə 116 qızıl, 75 gümüş və 100 bürünc qazanılıb. Ümumiyyətlə isə Mərkəzin fəaliyyətə başladığı 2001-ci ildən indiyədək keçirilən Olimpiya Oyunlarında 4 bürünc medal, IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 2 gümüş medal, dünya çempionatı və birinciliklərində 70 medal, Avropa çempionatları və birinciliklərində 76 medal, beynəlxalq turnirlərdə 400 medal, Azərbaycan çempionatı və birinciliklərində 764 medal əldə olunub.

Tədbirin sonunda 2017-ci ilin yekunlarına əsasən il ərzində mötəbər yarışlarda fəqrlənmiş idmançılar və onların məşqçiləri DGK İdman Sağlamlıq Mərkəzi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.