“Armen Sərkisyan Ermənistanın prezidenti seçildi. Ermənistan parlamentində keçirilən səsvermədə Sərkisyanın lehinə 90 nəfər, əleyhinə 10 nəfər səs verdi. Beləliklə, Armen Sərkisyan Ermənistanın dördüncü prezidenti oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu Ermənistanın parlament respublikasına keçidindən sonra ilk prezident seçkisidir və bu seçki ilk dəfə ümumxalq səsverməsi yolu ilə deyil, parlament səsverməsi yolu ilə həyata keçirildi: “Ermənistanda yeni mərhələ başlayır. Prezident sıradan fiqura çevrilib, əsas söz sahibi baş nazir olacaq. Böyük ehtimalla bundan sonra Azərbaycan prezidenti ilə görüşlərə də Ermənistanın baş naziri qatılacaq”.
Qeyd edək ki, Ermənistan Milli Məclisində keçirilən səsvermənin yekunlarına əsasən Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan seçilib. Armen Sarkisyan prezidentliyə tək namizəd idi. Onun namizədliyi iqtidar koalisiyası – Respublikaçılar Partiyası və ARF Daşnaksütyun tərəfindən təqdim edilib. Prezidentliyə namizəd göstərmək üçün Milli Məclisin deputatlarının dörddə birinin imza toplanması lazım idi. “Tsarukyan” fraksiyası namizəd irəli sürmək istəmədi və “Verim” fraksiyası namizəd irəli sürmək üçün kifayət qədər səs toplaya bilməmişdi.
Hesablama komissiyasının sədri Gaqik Melikyan deyib ki, Armen Sarkisyan gizli səsvermədən 90 səs toplayıb, 10 deputat namizədin əleyhinə səs verib.