Yanğınla əlaqədar “Qaynar xətt” yaradılıb

2 Mart 2018 18:56 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən və ağır nəticələrə səbəb olan yanğınla əlaqədar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hazırda iş üzrə Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış, Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.