Muxtar respublikada ailə dəyərləri yüksək səviyyədə təbliğ olunur

2 Mart 2018 18:47 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın şəhər, rayon və kəndlərində milli adət-ənənələrin, o cümlədən ailə dəyərlərinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.

Bu silsilədən növbəti tədbir Babək rayonunun Payız Kənd Mərkəzində olub. “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova muxtar respublikada qadınların sağlamlığının qorunması sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir.

“Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib ki, muxtar respublikada ailələr həmişə uzunömürlü olması və möhkəmliyi ilə seçilir. Ailədə milli dəyərlərin yaşadılması, onun digər ailə üzvlərinə ötürülməsi əsasən qadınlardan asılıdır. Azərbaycan qadını adını uca tutmaqla dostluq, ülfət, məhəbbət və xeyirxahlıq kimi ali insani keyfiyyətləri övladlarına aşılamağı bacarmalıdır.

Muxtar respublika üzrə sağlamlıq imkanı məhdud 1925 uşaq var. Onların 20 faizi Babək rayonunda yaşayır. Rayondakı 26 min 853 uşaqdan 376-nın sağlamlıq imkanı məhduddur. Bu barədə məlumat verən Ramilə Seyidova vurğulayıb ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Qadınlarda virus hepatitlərinin fəsadları və ana bətnindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxışında bu kimi xəstəliklərin yaranması səbəblərini slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı izah edib.

Sonda suallar cavablandırılıb, iştirakçılara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.