Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2 Mart 2018 15:51 (UTC+04:00)

Parisin 4-cü rayonunda Notr-Dam-de-Blan-Manto kilsəsində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan səfir Rəhman Mustafayev Xocalı qətliamının müasir tariximizin ən qanlı səhifəsi olduğunu bildirib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın 7 min əhalisi olan Xocalı şəhərinə hücum etməsindən, dinc əhalini amansızlıqla kütləvi şəkildə qətlə yetirməsindən, bu hücumdan canını qurtarmağa çalışan insanları atəşə tutmasından danışıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O deyib ki, münaqişə sülh yolu ilə, ədalətli şəkildə həll olunmalıdır. Fransa bununla bağlı yeni təşəbbüslər irəli sürməlidir. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalı, ermənilər və azərbaycanlılar arasında davamlı sülh yaradılmalıdır.

Jan Fransua Mansel deyib ki, faciəvi hadisələr unudulmamalıdır. Genosid qurbanlarının xatirəsini unutmamaq borcumuzdur. Xocalı soyqırımının qurbanlarının xatirəsi daim qəlbimizdədir. Yaxınları üçün göz yaşı axıdan azərbaycanlılar haqqında düşündüyümüzü, onların yanında olduğumuzu, kədərlərini bölüşdüyümüzü bildiririk.

Sonra fransalı bəstəkar Helyos Azuley çıxış edərək bu xatirə konsertində iştirak etməkdən şərəf duyduğunu bildirib. O, qeyd edib ki, hələ kiçik yaşlarından unudulmuş musiqiləri, yəni, həbs düşərgələrində, deportasiyalarla bağlı bəstələnmiş musiqiləri ifa edir. Bəstəkar musiqinin xatirələrin yeni nəsillərə ötürülməsi üçün ən yüksək vasitə olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə “Helyos” orkestri Qara Qarayevin, Fikrət Əmirovun, İohan Sebastyan Baxın, Fərhad Bədəlbəylinin, Helyos Azuleyin əsərlərini səsləndirib. Konsert proqramında beynəlxalq müsabiqələr laureatı Solenn Paydassi (skripka, Fransa), Ferruze Qaderi (soprano, Fransa) və Elios Azule (klarnet, Fransa) iştirak ediblər.

Anım tədbirində gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin Xocalı qırğını qurbanlarına həsr etdiyi “Exit” və məşhur fransız bəstəkarı Elios Azulenin “The cries of...” əsərləri ilk dəfə ifa olunub. Emosiyalarla dolu əsərlər dinləyicilərdə zəngin təəssürat yaradıb.

“Musique Incidentale” ansamblının musiqi direktoru, fransız bəstəkar Helyos Azuley anım konserti ilə bağlı təəssüratlarını bölüşərək bildirib: “Musiqinin xüsusi gücü var. Musiqi çox müsbət təsirə malikdir. Xocalı soyqırımının, eləcə də digər soyqırımlarının qurbanlarının xatirəsinin musiqi ilə anılması ən gözəl vasitədir. Parisdə Xocalı ilə bağlı təşkil olunmuş anım tədbirlərində iştirak etmişəm. İndi isə arzum Azərbaycana getmək və bu musiqini soyqırımı qurbanlarının vətənində ifa etməkdir”.