Bakı Şəhər Onkoloji Dispanseri bağlandı

29 Oktyabr 2010 00:52 (UTC+04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev A.T. Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserin bağlanması haqqında əmr imzalayıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, dispanserin bağlanmasına səbəb kimi ölkədə kifayət qədər onkoloji mərkəz və xəstəxananın fəaliyyət göstərməsi və onun təkrarlanan müəssisə olması göstərilir.

"Artıq müəssisə fəaliyyətini tam dayandırıb. Dispanserin bütün həkim heyəti çox qısa müddət ərzində nazirlik tərəfindən işlə təmin ediləcək. Bu məsələ ən qısa zamanda öz həllini tapacaq və əmək haqqının ödənilməsində də həkimlər üçün heç bir problem olmayacaq. Bundan əlavə, dispanserdə müalicə alan xəstələr də qısa zaman ərzində digər müəssisələrə köçürüləcəklər", - deyə o əlavə edib.