Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ölkəmizdə ekoloji məsələlərin öyrənilməsinə və bu istiqamətdə fəaliyyətə diqqəti artırıb.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi məlumata görə, Prezidentin ekologiya ilə bağlı çağırışına uyğun olaraq "İRƏLİ" İctimai Birliyi də öz fəaliyyətində daim ekoloji məsələlərə diqqət ayırmış və bu ilin "Ekologiya ili" elan olunması ilə təşkilatın ekoloji yönümlü layihə və aksiyalarının sayı artıb. 10 oktyabr 2010-cu il tarixində uğurla reallaşdırılmış "Yaşıl düşün" ( http://ireli.az/news/20101011114952754.html ) layihəsindən sonra "İRƏLİ" İctimai Birliyi Azərbaycan Dövlət Neft Şirkətinin və "Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə" İctimai Birliyi ilə birlikdə növbəti ekoloji layihəyə start verir.
"Planetimizi tanıyaq" adlı layihənin əsas məqsədi gənclərin bu istiqamətdə maarifləndirilməsi, ekoloji problemlər və onların həlli barədə məlumatlandırılması, gənclər arasında bu səhəyə diqqətin artırılmasından ibarətdir. Noyabr ayından start götürəcək layihə çərçivəsində ölkənin 20 ali məktəbində interaktiv mühazirələrin keçirilməsi, layihə iştirakçıları ilə Neft Daşları və Qala qəsəbəsində yerləşən ekoparka ekskursiyaların təşkili, mühazirələrin toplanıldığı azərbaycan dilli portalın yaradılması nəzərdə tutulub.
Bundan əlavə layihə iştirakçılarının Neft Daşlarına və Ekoparka ekskursiyasını Azərbaycan Dövlət Neft Şirkəti reallaşdıracaqdır.
Layihə barədə ətraflı məlumat üçün www.ireli.az saytını izləyin.