Aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi hazırlıq işlərinə start verərək fəaliyyətini uğurla davam etdirir. Belə ki, seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Binəqədi rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərargahı yaradılaraq imzatoplamaya start verilib.
Rayon təşkilatından verilən məlumata görə, imzatoplama kampaniyası uğurla həyata keçirilib. Kampaniyada iştirak edən YAP fəalları və seçicilər yüksəkfəallıq nümayiş etdiriblər. İmzatoplama zamanı 91 yaşlı seçici Misirxanova Zeynəb Mütəlib qızı seçkilərdə mütləq iştirak edəcəyini və ən layiqli namizədə səs verəcəyini bildirib.
Qeyd edək ki, imzatoplama kampaniyası zamanı Binəqədi rayonunda fəaliyyət göstərən 3 müstəqil – 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci və 10 saylı Binəqədi üçüncü seçki dairələrinin ərazilərindən ümumilikdə 1150 imzanın toplanılması nəzərdə tutulub.