Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin geniş iclası keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, iclasda qərargah üzvləri ilə yanaşı Seçki Qərargahı tərəfindən Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatında 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar, təyin edilən imza toplayacaq partiya fəalları da iştirak edib.
İclası Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, millət vəkili Cavid Osmanov açaraq prezident seçkilərinə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edib. Nəzərə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasının 8 fevral 2018-ci ildə keçirilən VI qurultayının qərarı ilə Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb.
Bildirib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyasının fevralın 14-də keçirilən iclasında isə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin namizədliyi təsdiq olunmuşdur.
Sonra imza toplayan şəxslərlə treninq keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvü İsa Eminov "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması haqqında" Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimatla iclas iştirakçılarını tanış edib. Daha sonra imza vərəqəsinin doldurulma qaydalarından danışaraq müvafiq izahatlar verdi və məsələ ilə əlaqədar treninq iştirakçılarını maraqlandıran suallara cavab verib.
Qərargah üzvləri və imza toplayacaq fəallar çıxışlarında əminliklə bildiriblər ki, zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı ilə nümayiş olunubdur. Ağdaşlıların Yeni Azərbaycan Partiyasına, Partiyanın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyeə inamı çox güclüdür. Onlar bu inamı keçirilən bütün seçki proseslərində hər zaman nümayiş etdirmişlər və öz sözlərini bu seçki prosesində də layiqincə deyəcəklər.
Elə bu gün rayon ərazisində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin müdafiəsi üçün seçici imzalarının toplanmasına başlanıldı. İmza toplanılması davam edir.
ZÜMRÜD