Səbail rayonunda imzatoplama kampaniyasına start verildi

16 Fevral 2018 16:58 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi imzatoplama kampaniyasına start verib. SİA-nın verdiyi məlumata görə, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin namizədliyi təsdiq edilib.

Qeyd edib ki, seçki prosesi ilə əlaqədar olaraq, rayon şöbəsində 19 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb. Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb. Ş.Hacıyev Səbail rayonu üzrə 29 saylı Səbail və 23 saylı Səbail-Nəsimi Seçki Dairəsinin fəaliyyət göstərdiyini bildirdi. 29 saylı Səbail Seçki Dairəsində 30 məntəqə, 23 saylı Səbail-Nəsimi Seçki Dairəsində isə 10 məntəqə var.

Sonra imzatoplamanın qaydalarını izah edərək, müvafiq təlimat və tapşırıqlarını verib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin aparat rəhbəri Zəfər Bayramov, rayon şöbəsinin sədr müavini Muxtar Nağıyev çıxış ediblər.

Tədbirdə imzatoplayan fəallara treninq keçirilib.

Nəzakət ƏLƏDDİNQIZI