AŞ PA gedərək artan irqçi cərəyanlardan narahatdır

27 Oktyabr 2010 11:06 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu təmsil etdiyi qurumun gedərək artan irqçi cərəyanlardan narahat olduğunu bildirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hollandiya Senatının sədri Rene Van Der Lindenin dəvəti ilə bu ölkədə səfərdə olan Çavuşoğlu Avropadakı dini liderlərin dəstəyini alaraq, dinlərarası, sivilizasiyalararası tolerantlığı ön plana çıxararaq bu cərəyanların qarşısnı almağa çalışdıqlarını deyib. AŞ PA prezidenti "Amma proses əndişəvericidir" deyə əlavə edib.

Çavuşoğlu Türkiyənin dinlər və mədəniyyətlərarası dialoqun ön plana çıxarılması üçün aktiv rol alacağını vurğulayıb. Avropa Birliyinin xristian klubu olmadığını bildirən AŞ PA sədri Avropadakı bir çox ölkə və quruluşun Türkiyənin üzvlüyünə dəstək verdiyini söyləyib.

Mövlud Çavuşoğlu AŞ PA prezidenti seçilməsinin bunun ən böyük nümunəsi olduğunu qeyd edib. Hollandiya Senatının rəhbəri isə Türkiyə və Ədalət və İnkişaf partiyası ilə yaxşı əlaqələrinin olduğunu deyib: "Lazımi prosedurlar tamamlandıqdan sonra Türkiyənin üzv olmamasından söhbət gedə bilməz".