Zəfər Çağlayan: "Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr ən yüksək səviyyədədir"

27 Oktyabr 2010 07:40 (UTC+04:00)

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün muxtar respublikaya işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan və onu müşayiət edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşdən sonra ümummilli lider Heydər Əliyevin abidəsini və muzeyini ziyarət ediblər.

SİA-nın məlumatına görə, muzeylə tanışlıqdan sonra jurnalistlərin suallarını cavablandıran dövlət naziri bildirib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Hər iki ölkə regionda bir neçə irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşdükdən sonra Türkiyə iqtisadi sahədə əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərmiş, bu məqsədlə bir sıra tədbirlər həyata keçirib. Son illərdə Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyəti arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Naxçıvanın blokada vəziyyətində olmasına baxmayaraq, iqtisadiyyatı ildən-ilə inkişaf edir. Muxtar respublikanın iqtisadi inkişafı, əlaqələrin daha da genişlənməsini tələb edir. Azərbaycan-Türkiyə biznes forumunun keçirilməsində məqsəd iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsindən, yeni layihələrin reallaşmasına səy göstərməkdən ibarətdir.

Biznes forumunda iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikası iqtisadi inkişaf naziri Şahin Mustafayev muxtar respublikanın iqtisadi potensialının son illərdə dəfələrlə artdığını bildirmiş, bu potensialdan maksimum istifadənin mümkün yollarının araşdırıldığını qeyd edib. Nazirin sözlərinə görə, biznes forumunda Türkiyə Respublikası və Naxçıvan Muxtar Respublikası arasında azad iqtisadi zonanın yaradılması məsələsi də gündəliyə gətiriləcəkdir.

Sonra qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi abidələrlə tanış olmuş, Sədərək Gömrük Məntəqəsində və Duzdağ fizioterapiya xəstəxanasında olublar.