Rəşt- Astara dəmir yolu Azərbaycana nə verəcək? AÇIQLAMA

5 Fevral 2018 17:00 (UTC+04:00)

“Bu ilin martında açılışı nəzərdə tutulan Rəşt-Astara dəmir yolunun ölkəmiz üçün əhəmiyyəti böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsində və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsində əhəmiyyətli rola malikdir: “Astara-Rəşt dəmir yolu Rusiyadan və Avropadan gələn yüklərin Asiya ölkələrinə və əksinə çatdırılmasında önəmli rola malik olacaq. Azərbaycan, Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq. Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq. Həm də Azərbaycanın dünya ölkələri ilə əlaqələri artıq dəmir relslərlə möhkəmlənməkdədir. 2017-ci ilin oktyabrın 29-da açılışı olmuş Bakı-Tiblisi-Qars dəmir yolu ölkəmizin Avropaya dəmir yolunun çıxışını təmin etmişdir. Azərbaycan qitələrarası nəqliyyat marşurutlarında dəyişikliklər etmiş və bu da ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı mövqelərimizi möhkəmləndirir. Astara –Rəşt dəmir yolunun açlışı gələcəkdə Azərbaycan Naxçıvan marşurutu üzrə də qatarların hərəkətini təmin edə bilər. Astara –Rəşt dəmir yolu marşurutunun işə düşməsi ölkəmiz üçün iqtisadi əhəmiyyəti olduğu kimi siyasi əhəmiyyəti də çox olacaqdır”.