“Yalvarış dolu məktubu yazan sən, Qənimət Zahid idin” AÇIQLAMA

2 Fevral 2018 09:53 (UTC+04:00)

“Tarixin ironiyasına baxın. Qənimət Zahid ilk jurnalst kimi 1995-ci ildə hakimiyyətyönümlü “Ekspress” qəzetinin əməkdaşı kimi Ümummilli Lider Heydər Əliyevə müraciət edib ev istəmişdi. Prezident İlham Əliyev 2013-cü ildə 156 jurnalistə ev bağışladı. Həmin 156 jurnalistin içində Qənimət Zahidin baş redaktor olduğu “Azadlıq” qəzetinin iki əməkdaşı da var idi. Onda niyə qəbul edirdin, bu evləri, Qənimət Zahid?! Cəsarətin çatırsa yalvarış dolu məktubunu çap et”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

“22 ildirki, ictimai-siyasi fəaliyyətlə məşğulam. Özüm də 5 ildən artıq jurnalist kimi mətbuatda fəaliyyət göstərmişəm. 4 il parlament müxbiri olmuşam. Mətbuatda çalışanların böyük əksəriyyətini şəxsən tanıyıram. Bu gün Prezident İlham Əliyevin ev verdiyi jurnalistlərin böyük əksəriyyətini şəxsən tanıyıram və bir çoxları ilə birgə çalışmışam. Bu jurnalistlərin çoxu kirayə evlərdə yaşayırdı. Onların evlə təmin edilməsi çox böyük hadisədir. Bilirsiniz, onlar bu gün necə sevinc içindədirlər?! Evsiz adama ev bağışlamağı əhəmiyyəti çox böyükdür. Ancaq mətbuatdan, sosial şəbəkədən ev alan jurnalistləri Xədicə İsmayıl, Emin Hüseynli, Emin Milli, Qənimət Zahid və digərləri təhqir edir, aşağlayır. Necə ola bilər ki, Xədisə İsmayıl, Emin Hüseynli, Qənimət Zahid və Emin Milli bu günə kimi bir sıra beynəlxalq təsşkilatlardan, fondlardan yüz minlərlə, milyonlarla dollar, avro vəsait ala bilərlər, bu vəsaiti də dövlətimizin milli maraqlarına qarşı yönəldə bilərlər, ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüzlərlə jurnalistə, xüsusən də əksəriyyəti kirayə evlərdə yaşayan, ev verə bilməz?!

Qənimət Zahidin Ümummilli Liderə müraciət edib ev istəməsi faktı əksər jurnalistlərin yadına gəlir: “İndi Qənimət Zahiddən soruşun ki, niyə ev istəyirdin ölkə rəhbərindən?! Sənin mətbuat vasitəsi ilə etdiyin müraciəti çox adam oxumuşdu. Cəsarətin çatırsa, həmin müraciəti yay! Yalvarış dolu məktubu yazan sən Qənimət Zahid idin! Utanın! Bu fakt onu göstərir ki, bu adamlar hər zaman öz şəxsi maraqlarına xidmət göstəriblər, saxtakardılar! Azərbaycan mətbuatının çox dəyərli jurnlasitlərini ev aldıqlarına görə təhqir etmələri heç bir əxlaqa sığmır! Sizin hər birinizin siması Azərbaycan cəmiyyətinə bəllidir", - deyə, N.Orduxanlı fikirlərini tamamlayıb.