Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətinin məlumatına görə, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.