Rəsul Quliyev 1992-ci seçkilərini şübhəli adlandırdı TƏRS BAXIŞ

1 Fevral 2018 11:22 (UTC+04:00)

Eks-spiker Rəsul Quliyev mövcud müxalifətin vaxtilə özünə lider seçdiyi Əbülfəz Elçibəyin 1992-ci ildə keçirilmiş prezident seçkilərində saxtakarlıq yolu ilə seçildiyini iddia edib. O, 50 faiz saxtalaşdırıldığını deyib və bunun üçün əlində kifayət qədər sübutlarının da olduğunu bildirib. Beləliklə, R.Quliyev deyib: “Həmin seçkilər zamanı seçkilərin 50 faiz saxtalaşdırıldığına dair əlimdə kifayət qədər dəlillər, faktlar var”.

Söz yox ki, 2018-ci il seçkiləri ərəfəsində yenidən ortaya çıxaraq xal toplamağa çalışan digər müxlaifətçilər kimi R.Quliyev də eyni addmı atır, hətta bir az da irəli gedərək, onların hər birinə qalib gələcəyini iddia edir. Məhz bundan sonra elçibəyçilər tərəfindən sabiq spikerin üzərinə hücumlara başlanılıb.

Elçibəyin köməkçisi: “Əgər Rəsul Quliyevin beynində bu məsələlər indi qalxıbsa, bu, artıq onun psixoloji problemidir”

Misal üçün, Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, R.Quliyev Amerikada oturub ağlına gələni danışır və üstəlik, hakimiyyətə gəlmək iddiası ilə çıxış edir. “Rəsul Quliyev köhnə palan içi tökməklə, guya köhnə səhvləri, yanlışları deməklə özünü meydanda, gündəmdə tutmağa çalışır”-deyə qeyd edən O.Qasımov əlavə edib ki, əslində, R.Quliyevin də daxil olduğu və dəstəklədiyi cinah, Rusiyanın, İranın və həm də Ermənistanın dəstəklədiyi namizəd Nizami Süleymanov idi. Elçibəyin köməkçisi sabiq spikeri dəli adlandırıb və iddialarının psixoloji problemlərindən irəli gəldiyini bildirib: “Əgər Rəsul Quliyevin beynində bu məsələlər indi qalxıbsa, bu, artıq onun psixoloji problemidir”.

Oqtay Qasımov: “Rəsul Quliyev elə addımlar atıb ki, onun bağışlanması mümkün deyil...”

Yeri gəlmişkən, o da sirr deyil ki, Elçibəyin hakimiyyətə gəlməsi istiqamətində R.Quliyev zamanında kifayət qədər pul xərcləyib. Hətta bunu O.Qasıımov da dolayısı ilə isbatlayıb və Elçibəyin sabiq spiker haqqında dediklərini xatırladıb, diqqəti onun dövlətlətdən oğurladığı milyonlara yönəldib: “Rəsul Quliyev bu cür sərsəm iddialarla xal qazanmaq istəyirsə də, onun Azərbaycana dönüşü və ya hakimiyyətə gəlməsi qeyri-mümkündür...Amma Rəsul Quliyev elə addımlar atıb ki, onun bağışlanması mümkün deyil....1990-cı ildə Rəsul Quliyevə açılmış cinayət işi rəhbərlik etdiyi Neft Emalı Zavodunda yol verdiyi yeyintilərlə bağlı idi. Bu yeyinti o zaman aparılan ilkin araşdırmalara görə, 52 milyon dollar idi. Əbülfəz Elçibəyin 1998-ci ilin sonlarında bir ifadəsi var idi: “Məni sənin pulların yıxdı, Rəsul”.

Od olmasa, tüstü çıxmaz…

Söz yox ki, bu kimi məsələlərin ictmai rəyin diqqətinə çatdırılması bir daha həmin dönəmlərdə ölkədə siyasi böhranın, özbaşınalıqların, saxtakarlıqların cərəyan etdiyini sbatlayır. Daha dəqiq desək, od olmasa tüstü çıxmaz el məsəlini əsas götürərək, R.Quliyevin bu məsələdə həqiqəti dediyini də düşünmək olar. Hər halda bu gün bir-birlərinin qaranlıq və cinayətkar keçmişlərini ifşa edənlərin əslində Azərbaycan xalqına və dövlətçiliyinə qarşı nə qədər düşmən mövqedə dayandıqları növbəti dəfə öz təsdiqini tapır. Bu baxımdan, “Elçibəy yolu” gedənlərin zaman-zaman, xüsuilə seçkilər ərəfəsində “azad seçki” şüarları ilə ictimai rəy qarşısında xal toplamaq cəhdlərindənsə, onlar öz dövrlərində çıxardıqları siyasi oyunbazlıqları etiraf etsəydilər daha yaxşı olardı.

Rövşən RƏSULOV