Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan "Nasimi Passion" əsərinin lent yazısı nümayiş olunub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən təşkil edilən mərasimdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xarici səfirliklərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə xalqımızın başına gətirilən müsibətlərdən danışıb və 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməsində önəmli yer tutduğunu qeyd edib. Daha sonra F.Əlizadə "Nasimi Passion" əsərinə toxunaraq seçdiyi mövzudan və Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb. Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Sonra çıxış edən akademiklər İsa Həbibbəyli, Yaqub Mahmudov, Xalq rəssamları Fərhad Xəlilov, Ağəli İbrahimov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi Azərbaycan xalqının başına gətirilən iztirabların, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında musiqinin rolunu vurğulayıblar və əsərin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər. Bildiriblər ki, milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Bəstəkar Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edərək 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim edib.