ATƏT-in Bakı ofisi təhlükəsizlik və ətraf mühit məsələlərinə həsr olunmuş vətəndaş cəmiyyəti layihələrinə qrantlar ayırır

21 Oktyabr 2010 21:39 (UTC+04:00)

ATƏT-in Bakı ofisi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) təşəbbüsü çərçivəsində elan olunmuş layihə təkliflərinin qəbulunun ikinci mərhələsinin nəticələrini elan edib. SİA-nın məlumatına görə, qrant alan təşkilatları BMT-nin İnkişaf Proqramı, "Statoil", Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ATƏT-in Bakı ofisinin nümayəndələrindən təşkil olunmuş TƏMVF Milli Seçim Şurası müəyyənləşdirib.

 

TƏMVF - vətəndaş cəmiyyəti təşkilatlarının ətraf mühit və təhlükəsizlik sahəsindəki problemlərini hökumət və digər maraqlı tərəflərlə birgə həll etmək üçün güclü tərəfdaşa çevrilməsini dəstəkləyən kiçik qrantlar proqramıdır. Seçim Şurası tərəfindən aşağıdakı QHT-lərə qrantların ayrılması qərara alınıb: "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi, Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi, "Ekoleks" Ekoloji Hüquq Mərkəzi və "Enerji və Ekologiya" İctimai Birliyi.

 

Bu təşkilatların təqdim etdiyi layihələr torpaq sürüşməsi risklərinin azaldılması, təhlükəli tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsində gənclərin iştirakının gücləndirilməsi sahəsində bilik və bacarıqların artırılması, maarifləndirmə işləri və şəbəkələrin yaradılmasına yönəlib.

 

TƏMVF proqramını Azərbaycanda "Statoil" şirkəti və Avstriya hökuməti maliyyələşdirir.