Bu gün Bakıda "Maliyyə institutları MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır" mövzusunda MDB-yə üzv dövlətlərin 3-cü Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransın açılışında çıxış edən MDB Maliyyə-Bank Şurasının I vitse-prezidenti Cahangir Hacıyev Azərbaycanda fəaliyyət göstərən banklar haqqında geniş məlumat verib. C.Hacıyev Azərbaycan iqtisadiyyatının cari vəziyyəti barədə danışaraq, beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən onun yüksək qiymətləndirildiyini qeyd edib.
O, həmçinin ölkədəki bankların nailiyyətləri, onların fəaliyyətinin beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi, bankların Cənubi Qafqazda aparıcı rol oynamasından söz açıb: "Dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirləri minimum olub. Buna sübut olaraq Dünya Bankı tərəfindən hazırlanan hesabatda böhrana dözümlülük baxımından Azərbaycanın bank və maliyyə sektoru MDB-də 2-ci yer tutdu".
Böhrandan sonrakı dövrdə keçirilən konfransı əhəmiyyətli hesab edən MDB Maliyyə-Bank Şurasının I vitse-prezidenti eyni zamanda maliyyə institutlarının təcrübə mübadiləsi aparmasının da vacib olduğunu bildirib. C.Hacıyev qeyd edib ki, bank sahəsində iqtisadiyyatın modernləşdirilməsinin əsası olan bu sektorda son illərdə həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksək inkişaf müşahidə olunur: "Belə ki, konfransada həll olunmalı problemlər də var ki, bu sahədə təcrübə mübadiləsi çox əhəmiyyətli olacaq".
Böhrandan sonrakı dövrdə iqtisadiyyatların modernləşdirilməsinin əhəmiyyətli olduğu aşkar olunub və bu sahədə bank sektoru aparıcı rol oynamalıdır. Bu sözləri isə çıxışında MDB İcraiyyə Komitəsinin sədr müavini Yevqeniy Novojilov vurğulayıb. O, bu sahədə əsas amillərdən biri kimi bankların kreditləşməsinin diversifikasiyasını qeyd edib.
Y.Novojilov deyib ki, MDB çərçivəsində iqtisadiyyatların modernləşdirilməsi bütün səviyyələrdə müzakirə olunur. O, eyni zamanda iqtisadi böhran zamanı ən çox neft sektorunun ziyan çəkdiyini bildirib.
Konfransın açılışında həmçinin MDB Maliyyə-Bank Şurasının rəsmiləri, MDB-nin iri banklarının rəhbərləri çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan və MDB ölkələrinin bankirləri, MDB Maliyyə-Bank Şurasının nümayəndələrindən ibarət 180 iştirakçısı olan və iki davam edəcək konfransın əsas mövzusu MDB məkanında maliyyə və bank sahəsində əməkdaşlıq və təcrübə mübadiləsidir.