“Prezident İlham Əliyevin İqtisadi və Siyasi Strategiyası” adlı kitab işıq üzü görüb

20 Oktyabr 2010 23:37 (UTC+04:00)

Bu gün iqtisad elmlər namizədi Əlibala Məhərrəmzadənin "Prezident İlham Əliyevin İqtisadi və Siyasi Strategiyası" adlı kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə kitabın müəllifi Əlibala Məhərrəmzadə, kitabın rəyçilərindən biri olan filologiya elmləri doktoru, professor Akif Bayramov, redaktorlar Alim Məhərrəmli, Vahid Novruzov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Alim Məhərrəmli kitab haqqında fikirlərini bildirib: "Bu günə kimi Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan bir çox kitab yazılıb. Amma burada əsas məsələ müəlliflərin yazdıqları sahə haqqında məlumatlı olmalarıdır. Bəzən elə kitablar yazılır ki, redaktə etmək çox çətin olur. Bu kitab isə elmi dildə yazılıb. Lakin buna baxmayaraq, eyni zamanda kitab çox anlaşıqlıdır. İstənilən insan kitabı oxuyanda zövq ala bilər, çünki dili asandır".

"Bu danılmaz həqiqətdir ki, son dövrlərdə dövlət başçısı olkənin hərtərəfli inkişafı istiqamətdə böyük işlər görür. Məhz bunun nəticəsidir ki Azərbaycan iqtisadi sahədə regionda lider dövlətə çevrilib. Bütün bunlara əsaslanaraq onu deyə bilərəm ki, dövlətin quruculuq yolunda çəkdiyi əziyyətləri görməyənlər kordur", kitaba rəy verən Akif Bayramov deyib.

Kitabın dəqiq faktlara əsasən yazıldığını deyən professor belə səviyyəli kitablara Azərbaycanda ehtiyac olduğunu deyib.

Kitabla bağlı çıxış edən digər natiqlər bildiriblər ki, kitabda iqtisadiyyata aid dəyərli fikirlər var. Azərbaycan iqtisadiyyatının yalnız neftdən asılı olmadığı, yoxsulluğun azaldılması, infrastrukturun inkişafı çox aydın işıqlandırılıb.