Bu gün "Qarabağ saatı Mübariz Əhmədoğlu ilə" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya çıxan yeni məqamlardan söhbət açıb.
İlin sonunda Qazaxıstanda keçirilməsi nəzərdə tutulan ATƏT zirvəsinə böyük ümidlərlə baxıldığını deyən SİTM rəhbəri qurumun faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərində apardığı monitorinq və həmsədrlərin verdiyi bəyanatın ümidləri artıran məqamlardan olduğunu qeyd edib. Bəyanatda "işğal olunmuş ərazilər", "Xankəndi" və Dağlıq Qarabağ idarəçilərinin "de-fakto idarəçilər" ifadələrinin yer aldığını söyləyən M.Əhmədoğlu bildirib ki, bu məqamlar Ermənistanda ekspertlər səviyyəsində ajiotaj yaratsa da, rəsmi İrəvan hələ də susur. SİTM rəhbəri bunun Ermənistanın müqavimət gücünü itirməsi ilə bağlı olduğunu deyib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeganə xarici maneənin İran olduğunu söyləyən M.Əhmədoğlu qeyd edib ki, İran onun vasitəçiliyini qəbul etməyən, Minsk qrupunu münaqişənin tənzimlənməsi üçün yeganə qurum hesab edən Ermənistana etiraz etmir, əksinə daha da yaxınlaşır: "İran var qüvvəsi ilə çalışır ki, münaqişə həll olunmasın. Hesab edirəm ki, münaqişənin həlli İranın özü üçün də faydalı ola bilər. İran bununla müharibə təhlükəsini də üzərindən atmış olar. İranın yaşam kredosu Azərbaycanı məhv etməkdir. İran islam ölkəsi yox, milli dövlətdir. İranın atdığı addımlar təfəkkürlə qəbul ediləsi addımlar deyil".
Ermənistanın Gürcüstan ərazisini işğal edərək dənizə çıxşı əldə etmək niyyətindən heç vaxt əl çəkmədiyini deyən politoloq Gürcüstan prezidentinin konfederasiya yaratmaqla bağlı Azərbaycana etdiyi təklifin də bununla əlaqədar olduğunu söyləyib: "Hesab edirəm ki, konfederasiya ideyası heç vaxt ölməyəcək. Bu ideya heç də Ermənistanın əleyhinə yönəlməyib. Gürcüstan sadəcə olaraq Ermənistandan gələn təhlükənin fərqindədir və bu təhlükənin qarşısını almaq istəyir. Konfederasiya ideyası Ermənistan var olduqca yaşayacaq".
Azərbaycanın ciddi şəkildə müharibəyə hazırlaşdığını vurğulayan SİTM rəhbəri hesab edir ki, aşağıdakı faktlar da hazırlığın aparıldığını sübut edir: "Hərbi büdcənin iki dəfə artırılması ciddi siqnaldır. İki gün əvvəl Azərbaycan viza rejimini sərtləşdirdi. Azərbaycan-Türkiyə arasında gedən danışıqlarda müəyyən tendensiyalar var. Ən əsas sübut isə Azərbaycanın Rusiyadan 9 ədəd 2C7 "Pion" özüyeriyən artilleriya qurğu almasıdır. Nəzərə alaq ki, bu silahlar "S-300"lər kimi müdafiə deyil, hücum silahıdır".
M.Əhmədoğlu Naxçıvan Muxtar Respublikasını regionun enerji mərkəzinə çevirməklə Ermənistanın bütün iqtisadi inkişaf perspektivlərini səmərəsiz etməyin mümkün olduğunu deyib: "Ermənistanin yaxın onilliklərdə iqtisadi inkişaf perspektivləri AES tikmək və Razdan istilik elektrik stansiyasının 5-ci blokunu istismara buraxmaqla əlavə 2000 Mvt-lıq enerji istehsal etmək və bunu İran və Türkiyəyə satmaqla pul qazanmaq üzərində qurulub. Naxçıvanda öz qazımız hesabına işləyən 1000 Mvt-lıq istilik elektrik stansiyası tikməklə Ermənistanın AES tikintisini tamamilə sıradan çıxarmaq mümkündür. Azərbaycan-Gürcüstan-Türkiyə arasında yüksək gərginlikli elektrik xətlərinin sinxronlaşdırılması ilə bağlı aparılan danışıqların əsl mahiyyəti də bundan ibarətdir. Lazım gələrsə, Azərbaycan həm Gürcüstan, həm də Türkiyə ərazisində qazla işləyən istilik elektrik stansiyası tikə bilər. O cümlədən bu prosesi gələcəkdə İran ərazisində də reallaşdırmaq olar".
Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artdığını dilə gətirən M.Əhmədoğlu gələcəkdə Avropa Birliyinin Minsk qrupunda Fransanı həmsədr ölkə olaraq Almaniya ilə əvəz etməsini də istisna etməyib.