Avstriyadan xarici ticarətlə bağlı yeni rekord

11 Yanvar 2018 01:17 (UTC+04:00)

Ötən il Avstriya xarici ticarət dövriyyəsində ən uğurlu il olub. Avstriya İqtisadiyyat Palatasının məlumatında deyilir ki, yerli şirkətlər 2017-ci ildə təxminən 140 milyard avro dəyərində məhsul ixrac ediblər. Bu, 2016-cı ilin ixrac dövriyyəsi ilə müqayisədə 7,5 faiz artım deməkdir. Palatanın verdiyi proqnoza əsasən, 2018-ci ildə xarici ticarət dövriyyəsində artım davam edəcək və ixracatın həcmi 150 milyard avro həddini aşacaq.

Məlumatda, həmçinin qeyd olunur ki, 2017-ci ildə ölkədə açılan 80 min yeni iş yerinin yarısı xarici ticarətlə əlaqəli şirkətlərin payına düşür. Eyni zamanda, ixracat seqmentindəki şirkətlərin də sayı ilbəil artmaqdadır. Əgər 2000-ci ildə 12 min şirkət ixracatla məşğul olurdusa, 2017-ci ildə ölkə hüdudlarından kənarda iqtisadi fəaliyyət göstərən şirkətlərin sayı 60 mini ötüb. Bununla da Avstriya adambaşına düşən ixracatın həcminə görə dünya ölkələrinin onluğunda yer alır.

Avstriya ixracatında əsas yeri sənaye müəssisələri üçün avadanlıqlar və ehtiyat hissələri, kimya sənayesi məhsulları, qida məhsulları, eləcə də alkoqollu və alkoqolsuz içkilər tuturlar. İxracatın 80 faizi Avropa, 9 faizi Asiya, 8 faizi isə Şimali Amerikanın payına düşüb.

Avstriya İqtisadiyyat Palatasının rəhbəri Kristof Laytl, həmçinin Rusiyaya qarşı sanksiyaların tədricən aradan qaldırılmalı olduğunu bildirib. O, Lissabondan Vladivostoka qədər ərazini əhatə edən vahid iqtisadi məkanın qlobal iqtisadi rəqabətdə daha da güclü mövqeyə çıxa biləcəyini vurğulayıb.(AZƏRTAC)