BMT və FHN-nin birgə seminarı keçirilib

20 Oktyabr 2010 20:47 (UTC+04:00)
Bu gün "Park İnn" otelində Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma ilə bağlı seminar keçirilib. SİA-nın məlumatına görə, BMT və Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyəti ilə keçirilən seminarda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının Cənubi Asiya və Qafqaz regionu üzrə regional əlaqələndiricisi Gülsarə Pulatova çıxışlar ediblər. Qeyd edək ki, seminarda QHT nümayəndələri də iştirak ediblər. Etibar Mirzəyev çıxışında seminarın əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumatl verib. Daha sonra BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının Cənubi Asiya və Qafqaz regionu üzrə regional əlaqələndiricisi Gülsarə Pulatova çıxış edib. O çıxışında, risklərin azaldılması sahəsində təşkilatlarının rolu və gördükləri işlər barədə açıqlamalar verib. O qeyd edib ki, əsasən risklərin azaldılması məktəblərdən başlanılmalıdır: "Məktəblər uşaqlar öldürülən, həyatları üçün risk təşkil edən bir məkana çevrilməməlidir. Keyfiyyətsiz məktəblər mütləq uçurulmalı, yerində yeni və keyfiyyətli məktəblər tikilməlidir. O cümlədən də xəstəxanalarda da bu əməliyyat tətbiq olunmalıdır. Nəinki xəstəxanalar, həm də bütün sosial mühitdə risklərin azaldılması yönümdə işlər aparılmalıdır".
Qeyd edək ki, noyabrın 16-17-də Bakıda "Tikinti Təhlükəsizliyi Haqqında Beynəlxalq Form" keçiriləcək.