“Binə”nin yeni baş məşqçisi müəyyənləşib

10 Yanvar 2018 09:48 (UTC+04:00)

Futbol üzrə I Divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi məlum olub. SİA-nın məlumatına görə, komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçi ilə 1,5 illik müqaviləyə imza atıb.

Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiyanın "Dinamo" (Murmansk) komandasında başlayan İsmayıl Hüseynov burada əvvəlcə köməkçi məşqçi, daha sonra baş məşqçi vəzifələrində çalışıb. 2005-ci ildən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən sözügedən mütəxəssis 2008-ci ildə bu klubun U-19 komandası ilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə Azərbaycan çempionatının finalçısı olub.

İ.Hüseynov 2011-ci ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-ci ildə isə "Əməkdar Məşqçi" adlarına layiq görülüb.