Sənqəçal Baş Quruları – Qazıməmməd KS magistral qaz kəməri ilin sonuna kimi istismara veriləcək

20 Oktyabr 2010 19:21 (UTC+04:00)
"Azəriqaz" İstehsalat Birliyi ölkənin magistral qaz nəql sisteminin texniki vəziyyətinin yaxşılaşdırılması, istismar səviyyəsinin yüksəldilməsi, inkişaf etdirilməsi, eləcə də magistral qaz kəmərlərinin nəqletmə imkanlarının artırılması istiqamətində mühüm işlər görür, istehlakçıların təbii qazla təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cari ilin 9 ayında respublikanın cənub bölgəsinin fasiləsiz və təhlükəsiz şəraitdə təbii qazla təchiz olunması, İran İslam Respublikasına ixrac edilən qazın davamlılığının təmin edilməsi, magistral qaz kəmərinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 1220 mm-lik Astara-Qazıməmməd magistral qaz kəmərinin 3736 metrlik hissəsi əsaslı təmir olunub.

Şimal bölgəsinin qaz təsərrüfatının yaxşılaşdırılması, Rusiya Federasiyasına ixrac edilən təbii qazın təzyiqinin və həcminin artırılması, magistral qaz kəmərlərinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1220 mm-lik Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Vəlvələçay keçidində yerləşən 400 metrlik hissəsi də təmir edilib. Bundan başqa, Siyəzən Kompressor Stansiyasının giriş və çıxış istiqamətlərinin dəyişdirilməsi məqsədi ilə yenidənqurma işləri aparılıb, Stansiya işlək vəziyyətə gətirilib. Ölkənin qərb bölgəsinin təbii qazla fasiləsiz təmin olunması məqsədilə 325 mm-lik 32,4 km uzunluğunda Gədəbəy – Novosaratovka magistral qaz kəməri inşa edilib. Qaradağ Qazpaylayıcı Stansiyası – Qazıməmməd Kompressor Stansiyası arası qaznəql sisteminə təbii qazın ötürülməsinin təmin olunması üçün magistral qaz kəmərinin texniki vəziyyəti yaxşılaşdırılıb. Bu məqsədlə Qaradağ QPS – Qazıməmməd KS magistral qaz kəməri və Qalmaz Yeraltı Qazsaxlama Anbarı – Qazıməmməd KS magistral qaz kəmərinin bir hissəsi əsaslı təmir olunub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-sentyabr aylarında istismarda olan 40 km uzunluğunda magistral qaz kəmərləri təmir edilib. Eyni zamanda Qalmaz Yeraltı Qazsaxlama Anbarına 55 atmosfer təzyiqlə qazın vurulması və ötürülməsi üçün 20 km uzunluğunda 720 mm-lik qaz kəməri inşa edilib. Sənqəçal Baş Qurğularında qəbul edilən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil olunan qazın yüksək təzyiqlə ümumi qaz nəql sisteminə ötürülməsi üçün 45 km uzunluğunda 1020 mm-lik 55 atmosfer təzyiqli Sənqəçal Baş Quruları – Qazıməmməd KS magistral qaz kəmərində tikinti işləri başa çatmaq üzrədir. Kəmərin bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulub.