“Bu gün dünyada artıq “facebook istifadəçilərinin sayı 2 milyard insana yaxınlaşır. Bu da təxminən dünya əhalisinin 40 faizinə yaxındır. Azərbaycanda isə, 2 milyon “facebook” istifadəçisi var və bu rəqəm hər ay artmaqda davam edir. Cəmiyyətdə “facebook” önəmli bir sahəyə çevrilib”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, “Facebook” vasitəsi ilə bir informasiya, xəbər, hadisə və s. məlumatları yüz minlərlə insanın nəzərinə çatdırmaq olur: “Çünki əksər insanlar günün bir neçə saatını sosial şəbəkələrdə yayılan videolara, məlumatlara həsr edirlər. Bu baxımdan müxalifətyönümlü “Facebook” səhifələrində virtual seçkilərin keçirilməsi hadisəsinə təbii baxmaq lazımdır. Nəzərə alasaq ki, bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu yaxınlarda “Kanal 13” internet televiziyasının “facebook” səhifəsində prezident seçkiləri ilə bağlı səsvermənin aparıldığının şahidi olduq. Bir neçə gündən sonra səhifənin adminlərinin səsvermənin nəticələri ilə bağlı yaydığı nəticələrlə tanış olduq. Nəticələrə görə, indiki Prezident cənab İlham Əliyev birinci yerdə gedirdi. Bilirsiniz ki, “Kanal 13” internet televiziyası daha çox müxalifyönümlü kanal kimi diqqəti cəlb edib. “Facebook” səhifəsində hər kəsin gözü qarşısında aparılan səsverməyə heç kimin müdaxilə etmək imkanları yoxdur. Və bu səbəbdən də əsl reallığı açmaq məcburiyyətində olurlar. Ancaq səsverməni gizli aparıb və özlərinin elan etdiyi nəticələr şübhə doğurur və buna heç kim inanmır. Bu cür səsverməni isə daha çox radikal müxalifət edir. Buna da heç kim inanmır”.