2017-ci il mətbuata nə qazandırdı? SORĞU

28 Dekabr 2017 17:49 (UTC+04:00)

Digər illərdə olduğu kimi 2017-ci il də Azərbaycan mətbuatının uğurları az olmadı. İnkişafla yanaşı, cari ildə media sahəsində mövcud sabitlik bu sahədə əldə olunan uğurlardan biri kimi dəyərləndirilir. SİA KİV nümayəndələrinin hesabat ilində mətbuat sahəsində əldə olunan uğurlar haqqında fikirlərini təqdim edir:

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: “Uzun müddətdir ki, Azərbaycanda medianın inkişafı üçün dövlət proqramları həyata keçirilir. Bu proqram KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq keçirilir. Bu baxımdan, uzun illərdir ki, aparılan siyasət öz nəticəsini verir. 2017-ci il mediada sabitlik və inkişaf ili kimi qeydə alındı. Digər tərəfdən, ən ciddi amillərdən biri kimi, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş 255 mənzillik binanın jurnalistlərin istifadəsinə verilməsi oldu. Bunun özü çox böyük bir hadisədir və dünyada analoqu olmayan bir məsələdir. Buna görə, Cənab Prezidentə təşəkkür edirik. Sevindirici bir haldır ki, jurnalistlər üçün 3 binanın tikilməsi barədə sərəncam verdi. Əlavə olaraq, ən böyük nailiyyətlərdən biri kimi onlayn medianın tənzimlənməsi üçün atılan addımları göstərə bilərəm. Bildiyiniz kimi, bu il informasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında dəyişikliklər edildi və qüvvəyə mindi. Bu, çox böyük bir qanuni boşluğu aradan götürdü. Azərbaycanda informasiya sahəsinin onlayn informasiya mühütinin tənzimlənməsi baxımından, bu cür uğurlu addımlar çoxdur və həmin tənzimlənmələri media sahəsində növbəti illərdə də, öz bəhrəsini verəcək. Beləliklə 2017-ci il Azərbaycanda kifayət qədər uğurlu il oldu. Ümid edirik ki, 2018-ci il də Azərbaycan mətbuatı üçün uğurlu və düşərli illərdən biri kimi yaddaqalan olacaq.

“Trend" İnformasiya Ağentliyinin baş direktor müavini Arzu Nağıyev: “Mətbuat sahəsində əsas məsələlərdən dövlət tərəfindən jurnalist kollektivlərinə ayrılan böyük diqqətdir. Mətbuata maddi vəsaitin ayrılması, eyni zamanda onların mənzil şəraitinin yaxşılaşdırılması cari ilin mətbuat sahəsində ən yadda qalan hadisələridir. Bundan başqa bu il jurnalist adında istifadə edən qeyri-qanuni hərəkət edən şəxslərə qarşı mübarizə daha da genişləndirildi. Jurnalist adını ləkələyən şəxslərə qarşı müvafiq addımlar atıldı. Car ildə hərbi jurnalistikaya daha da önəm verilməyə başlandı. Bununla bağlı müəyyən treninqlər keçirildi, bu məsələ Milli Məclis qarşısında qaldırılaraq bu istiqamətdə müvafiq addımlar atıldı. Cari ildə mətbuat sahəsində əldə olunan uğurlardan biri xarici KİV-lərin Azərbaycan mətbuatına istinadlarının sayının artması ilə bağlıdır. Bundan başqa media materiallarının beynəlxalq səviyyədə, media marketlərdə satışı intensivləşdi ki, bunun sayəsində gəlir əldə edilməyə başlandı. Cari ildə mətbuat sahəsində görülən işlərdən biri kadr potensialımızın xarici dilli jurnalistlərlə zənginləşməsidir. Ən əsas önəmli məsələlərdən biri isə Azərbaycan prezidentinin mətbuat işçilərini özünün dostu élan etməsidir. Bütün bu uğurları götürsək, bütövlükdə 2017-ci il istər çap mediası, istər elektron kütləvi informasiya vasitələri, istərsə də sosial şəbəkələrlə paralel işləyən media nümayəndələri üçün müsbət il kimi dəyərləndirmək mümkündür. Təbii ki, müəyyən çətinliklər var. Lakin düşünürəm ki, bu çətinliklərin də qarşısı alınacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "2017-ci ildə mətbuat ilk növbədə ölkənin ritmi ilə yaşadı ki, bu il ölkənin ritmi də kifayət qədər zəngin oldu. Azərbaycanda bu il müddətində çox önəmli hadisələr baş verdi ki, ölkəmizin beynəlxalq miqyasda nüfuzu daha da möhkəmləndi. Azərbaycanla bağlı bir sıra beynəlxalq təşkilatlarda mühüm qərarlar qəbul olundu, ölkənin ərazi bütövlüyü ilə əlaqədar monipulyasiyaya prinsip etibarı ilə beynəlxalq səviyyədə son qoyuldu. Cari ildə “Əsrin müqaviləsi”nin müddəti uzadıldı, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən çox önəmli layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə salındı ki, bu da bütövlükdə Azərbaycan cəmiyyəti, o cümlədən cəmiyyətin ayrılmaz parçası olan mətbuatının uğurudur. Mətbuat dövətimizin bu uğurları ilə başa vurmaqda üzrəyik və yeni ildən də yeni nəticələr gözləyirik. Hər zaman olduğu kimi Azərbaycan prezidenti və dövlət mətbuata xüsusi diqqət ayırdı, medianın social problemlərinin həllində ciddi addımlar atıldı, 205 ailə Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlər üçün yeni inşa edilən binadan mənzil alıb sevindi. Şübhəsiz ki, qeyd olunan faktlar çox önəmlidir. Cari ildə gigər tərəfdən KİV-lərlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, internet medianın hüquqi tənzimlənmələrlə bağlı əlaqvə və dəyişikliklər edildi. Ümumilikdə bu ili media üçün uğurlu il hesab edirəm. Düşünürəm ki, Azərbaycanda həyata keçirilən islahatlar 2018-ci ildə də sürətlə davam etdiriləcək, ölkə mətbuatı cənab Prezidentin həyata keçirdiyi mühüm islahatları dəstək verməkdə, ölkəmizin milli maraqlarınınq orunması istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək”.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev: “2017-ci ildə milli mətbuatımız və bütövlükdə KİV sahəsində ən yaddaqalan hadisə Prezident İlham Əliyevin 255 nəfər jurnalistə mənzil hədiyyə etməsi oldu. Bu, veteran jurnalistlərdən tutmuş, elektron mediaya qədər, KİV-in müxtəlif sahələrində çalışan qələm əhlinin bir çoxunun ailəsi üçün əvəzolunmaz hədiyyə idi. Ən kövrək məqam isə, ondan ibarət idi ki, artıq həyatdan köçmüş bir neçə yazarın ailəsinə də bu hədiyyədən pay düşdü. 20 il kirayədə qalan və nəhayət, mənzil alan bizim qəzetin əməkdaşından da soruşulsa ki, 2017-ci il nə ilə onun yadında qalıb, o, düşünmədən cavab verəcək ki, ən xoş anı mənzil alanların siyahısında öz adını görən an olub.

Qarşıdan gələn 2018-ci ildə də jurnalistlərin, müsbət mənada, gözləntiləri çoxdur. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bəyan etdi ki, dövlət 2018-ci ildə də KİV-ə dəstəyini davam etdirəcək. Əvəzində jurnalistlərin də üzərinə öhdəlik düşür ki, onlar gələn ildə də Azərbaycan dövlətinin maraqlarını daha səylə, inamla və cəsarətlə qorusunlar”.