Arif Abbasovun 80 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

27 Dekabr 2017 16:07 (UTC+04:00)

Bu gün AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru Arif Akim oğlu Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Azərbaycanda 2017-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilib. SİA-nın məlumatına görə, elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açdı.

Akademik İ.Həbbibəyli son illər ərzində Azərbaycan arxeoloqlarının və etnoqraflarının dünya elminə verdiyi töhfələrdən, Respublika rəhbərliyinin Azərbaycan elminə göstərdiyi qayğıdan danışıb. Akademik qeyd etdi ki, Azərbaycan arxeologiyasının və etnoqrafiyasının inkişafında mərhum görkəmli alim Arif Abbasovun rolu müstəsna olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova “Arif Abbasov — Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru” mövzusunda çıxış edib. Professor M.Rəhimova öz çıxışında AMEA-nın müxbir üzvü Arif Abbasovun həyatı, elmi tədqiqatları, Azərbaycanda arxeologiya və etnoqrafiya elminin müstəqillik dövründə dünya çağırışlarına cavab verəcək dərəcədə inkişafı və transformasiyasında rolundan söz açıb. M.Rəhimova xüsusi vurğulayıb ki, A.Abbasovun elmin inkişafı istiqamətində danılmaz xidmətləri məhz Ümummilli Lider Heydər Əliyev və onun müdrik siyasətinin davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən layiqli dəyərini ala bilib.

Elmi sessiyanın rəsmi hissəsində çıxış edən AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, akademik Teymur Bünyadov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri professor Hidayət Cəfərov, tarix elmləri doktoru Əsədulla Cəfərov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru olmuş Arif Abbasovla bağlı xatirələrini bölüşmüş, onun Azərbaycan arxeologiyası və etnoqrafiyasının təkmilləşməsi istiqamətində nümayiş etdirdiyi təşkilastçılıq fəaliyyətindən danışıblar.

Tədbirin rəsmi hissəsindən sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları elmi sessiyanın müvafiq bölmələrində elmi məruzələrlə çıxış etdilər. Məruzəçilərin cari ildə tədqiqatları barədə çıxışları vizual elektron təsvirlərlə müşayiət olunub.

Elmi sessiyanın materialları tezliklə xüsusi elmi tezislər toplusu şəklində nəşr ediləcək.