Londonda bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi qeyd olunub
19 Oktyabr 2010 02:34 (UTC+04:00)
Oktyabrın 16-da Londonda fəaliyyət göstərən Azərbaycan Evi mədəniyyət və dostluq mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə London ictimaiyyəti, Britaniyadakı azərbaycanlı icmasının nümayəndələri və Səfirliyin əməkdaşları iştirak ediblər. Giriş sözü ilə çıxış edən Azərbaycan Evi idarə heyətinin sədri Əli Təkin Atalar görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb, 20-ci əsr Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətlərini xatırladıb.
Daha sonra çıxış edən səfir Fəxrəddin Qurbanov Üzeyir bəyin Azərbaycan klassik musiqisinin əsasını qoyduğunu vurğulayıb və onun bir ziyalı kimi fəaliyyətindən söhbət açıb. O, Ü. Hacıbəyovun Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri olduğunu qeyd edib, bütövlükdə müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yeniliklərinin məhz onun adı ilə bağlı olduğunu vurğulayıb.
Çıxışın ardınca geniş ekranda Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı, ömür yolundan bəhs edən video-təqdimatlar nümayiş etdirilib. Daha sonra bu ölkədə yaşayan gənc ifaçılar Nəzrin Rəşidova və Ayan Salahovanın ifasında Ü. Hacıbəyovun Arşın mal alan əsərindən "Əsgərin ariyası" və Qara Qarayevin Adagio əsərləri ifa edilib, Məhəmməd Ənsari və Fərhad Əmirinin ifasında bir sıra musiqi parçaları səsləndirilib.