Ombudsman ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri ilə görüşüb

17 Oktyabr 2010 00:36 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri xanım Odri Qloveri qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E.Süleymanova qarşıdan gələn Milli Məclisə seçkiləri, seçki kampaniyasının davam etdiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq iki Sərəncamının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini bildirib. O, həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən təqvim planının təsdiq olunduğunu, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini, məntəqələrdə lazımi şəraitin yaradıldığını və müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edildiyini, veb-kameraların quraşdırıldığını, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, müşahidəçilər üçün yaddaş kitabının, habelə səsvermə günü ilə bağlı çağırış plakatlarının hazırlandığını bildirib.
Müvəkkil insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində səmərəli fəaliyyət göstərdiyini, MSK ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyini, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu, hər seçkilərdə olduğu kimi, Ombudsman və Aparatın əməkdaşlarının bu seçki prosesində də müşahidəçi qismində iştirak edəcəklərini və artıq qeydiyyatdan keçdiklərini söyləyib.

E.Süleymanova ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra olunduğu, bu sənədin təbliği və tətbiqi vəziyyətinin monitorinqi və əhalinin seçki hüququ sahəsində maarifləndirilməsi məqsədilə respublikamızın bütün rayonlarında yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirdiyi, səmərəli müzakirələrin aparıldığı, bu tədbirlərdə səsləndirilən təkliflərin fəaliyyət prosesində nəzərə alınacağı barədə məlumat verib. O, eyni zamanda bu ictimai dinləmələrdə və digər tədbirlərdə seçki hüquqlarının əhəmiyyətini nəzərə alaraq, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bələdiyyə və icmaları səfərbər etməklə, əhali ilə iş aparmasının, VVAQ, hərbi komissarlıq, polis orqanları, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin müxtəlif səbəblərdən etibarsız hesab olunduqda vaxtında dəyişdirilməsinin, seçkilərdə əhalinin fəallığının, hər bir kəsin fərdi şəkildə səs verməsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün şəraitin və namizədlərə bərabər imkanların, sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini, seçki prosesinə müdaxilənin yolverilməzliyini qeyd etdiyini, əhalini demokratik, sərbəst, azad seçkilərdə fəal iştirak etməyə çağırdığını diqqətə çatdırıb. Eyni zamanda, ölkə prezidentinin qeyd olunan iki sərəncamına əsasən, seçkilərdə hər bir namizəd üçün bərabər imkanların yaradıldığı, habelə seçki hüquqlarını pozanların cəzalandırılmasının nəzərdə tutulduğu, əvvəlki seçkilərdə belə pozuntulara yol verən bəzi şəxslərin cəzalandırıldığı qeyd edilib.

Qonaq Ombudsmanın bu sahədə fəaliyyətini müsbət qiymətləndirib, Müvəkkilin təkliflərinin səmərəli olduğunu söyləyib, bir sıra suallar ünvanlayıb. Müvəkkil qonağı maraqlandıran sualları ətraflı cavablandırıb, səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.