Leonardo Bonuççidə "Milan"ın idman layihəsinə qarşı etimadsızlıq yaranıb. SİA-nın məlumatına görə, onun yanvarda və ya mövsümün sonunda klubunu dəyişməsi istisna edilmir. Mərkəz müdafiəçisi 2017-ci ilin yayında "Yuventus"dan 40 milyon avroya "rossoneri"nin heyətinə qoşularaq çoxlarını təəccübləndirmişdi. Yay transferlərinə kifayət qədər pul xərcləyən "Milan" A Seriyasında zəhmətinin bəhrəsini görməməklə yanaşı, "Financial fair play"lə bağlı cəzalandırılma təhlükəsi ilə üzləşib. Bonuççi "Mançester Siti", "Çelsi" və PSJ-nin maraq dairəsində idi. Onun müdafiədən ön xəttə dəqiq uzun ötürmələr verməsini "Siti"nin baş məşqçisi Xosep Qvardiola çox bəyənir.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2022-ci ildə başa çatacaq.