Erməni millət vəkili Gürcüstana xəbərdarlıq edib. Şirak Torosyan indi də Gürcüstanı günahlandırıb. SİA-nın məlumatına görə, Ş.Torosyan gürcü tərəfinin ermənilərin qonşuluq əlaqələri arzusunu istismar etməklə günahlandırıb: "Biz gürcülərlə qonşuluq əlaqələri yaratmaq istədikcə onlar bunu istismar edirlər. Əvvəllər Gürcüstanla olan sərhəd onsuz da normanı keçirdi, ancaq indi gürcülər sürətlə sərhəd xəttini bizim tərəfə sürüşdürüblər".
İndi də Gürcüstanın torpaqlarını özününkiləşdirməyə cəhd göstərən erməni təmsilçilərindən biri olan Torosyan ermənilərin məskunlaşdığı Gürcüstan ərazisinin əslində özlərinə məxsus olduğunu iddia edib: "Gürcüstan sərhədləri sürüşdürüb. İndi də erməni kəndlilərin işlədiyi torpaqlar,məskunlaşdığı yerlər Gürcüstanın ərazisi kimi göstərilir, amma əslində heç də belə deyil".
Sərhədlərinin istismar edildiyini deyən erməni millət vəkili Gürcüstanın demokratik ölkə olmadığını da vurğulayıb: "Bu mövzular beynəlxalq formada həll olunmalıdır. Gürcüstan heç də bölgənin ən demokratik ölkəsi deyil".
Qeyd edək ki, iki ölkə mütəxəssislərinin iştirakı ilə Sərhəd Təsbit Komissiyası yaradılıb. Komissiyanın əsas mövzusu yuxarıda xatırlanan problemlərə cavab tapmaqdır.