İnsan hüquqlarına dair beynəlxalq standartların tətbiqi üzrə Birgə İşçi Qrupun (BİQ) təşəbbüsü ilə Bakıda "Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən BİQ üzvü, Bolqarıstandan olan ekspert Daniel Stoyanov demokratik mühitin formalaşmasında seçkilərin əhəmiyyəti barədə danışıb. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev "Azərbaycanda parlament seçkiləri: Konstitusiya və qanunlar kontekstində" mövzusunda çıxış edib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Azərbaycanın seçki praktikasında seçki texnologiyalarının inkişafı dinamikası" mövzusunda olan məruzəsində, Azərbaycanda 19 illik müstəqillik dövrü ərzində 11 seçki, 5 referendum keçirilidiyini xatırladıb. AVCİYA təmsilçisi 1991-ci ildən bu günə kimi seçki texnologiyaları üzrə təkmilləşmə aparıldığını deyib.
Milli Məclisin (MM) Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov Azərbaycan Seçki Məcəlləsinin müasir və beynəlxalq standartlara uyğun gəldiyini, onun təkmilləşdirilməsi istiqamətində mütəmadi addımlar atıldığını deyib. Onun sözlərinə görə, Belçikada tətbiq olunan elektron səsvermə praktikasını müsbət xarakterizə edib və haçansa Azərbaycanda da bu sistemə keçidin mümkünlüyünü söyləyib.