Keiko Kamo: "“Sülhə çağırış” adlı konsert Azərbaycan xalqı üçün xüsusi olaraq hazırlanıb” - FOTO
15 Oktyabr 2010 00:11 (UTC+04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da "Yaşıl Teatr" Konsert Kompleksində məşhur Yaponiya müğənnisi Keiko Koma və onun başçılıq etdiyi ansamblın iştirakı ilə xeyriyyə konserti keçiriləcək. SİA-nın məlumatına görə, bu məqsədlə "Park İNN" otelinin "Natəvan" zalında jurnalistlərlə mətbuat konfransı təşkil edilib.
Müğənninin təmsil olunduğu "NPO KOMA" şirkəti bu günə kimi 400-ə yaxın ölkədə bu cür tədbirlər həyata keçirib: "Belə bir konsert oktyabrın 9-da Gürcüstanın paytaxtı Tiflisdə artıq keçirilib. Növbəti Bakıda keçirəcəyimiz "Sülhə çağırış" adlı konsert isə Azərbaycan xalqı üçün xüsusi olaraq hazırlanıb. Bu Azərbaycana ikinci gəlişimizdir və ölkənizin tarixi, mədəniyyəti haqqında məlumatlıyam. Ötən dəfə gəlişimiz zamanı Şəkinin Kiş kəndinə getdik və o gözəlliyi gördük".
Mətbuat konfransında açıqlanıb ki, sənətçi hər konsertə 30 min manata yaxın pul xərcləyir.
Keiko Koma, həmçinin Koguryo Sülaləsinin Şahzadəsidir. O, hər belə səfərinə 30 min ABŞ dollarına yaxın xərc çəkdiyini bildirib. Belə ki, o, dünyanın çoxsaylı ölkəsində keçirdiyi konsertlərin hər birinə öz işçilərini, konsert üçün lazımi texniki avadanlıqlar aparır.
Konsertdə Keiko Komanı məşhur yaponiyalı pianoçusu İdaki Shin müşayiət edəcək. Mətbuat konfransında çıxış edən pianoçu bildirib ki, Keiko Koma onun ifası altında poemalarını oxuyacaq. Hər bir şeirin tərcüməsi isə Yaşıl Teatr səhnəsinin hər iki tərəfində qurulan böyük ekranlardakı titrlərdə yer alacaq. Konsert üçün bilet satışı nəzərdə tutulmayıb və konsertə giriş sərbəstdir.
Keiko Kamo onu da vurğulayıb ki, növbəti belə xeyriyyə konserti İranda olacaq.