Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub

9 Dekabr 2017 13:23 (UTC+04:00)

İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur. Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilib. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə sülh, inkişaf və tərəqqi arzulanıb.

Tədbirdə qeyd edilib ki, hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövlud günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir.