“MBASK” sığorta şirkəti səhmlərinin 51 faizini satıb

14 Oktyabr 2010 23:01 (UTC+04:00)

Bu gün Bakıda "MBASK" sığorta şirkətinin səhmlərinin 51 faizini Fransanın "AXA Group"-un törəmə qurumu olan "AXA Seguros Generales S.A, De Seguros Y Reaseguros"a (İspaniya) satılması ilə bağlı saziş imzalanıb. SİA-nın məlumatına görə, tədbirdə "MBASK"-ın Müşahidə Şurasının sədri Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankına (30%) və şəxsən özünə məxsus iştirak payından bir hissənin (21%) "AXA Seguros Generales" şirkətinə satıldığını bildirib. E.Qəribovun sözlərinə görə, AYİB 5 ildən artıq müddətdə "MBASK" sığorta şirkətinin səhmdarları sırasında olub və səhmlərin satılması bankın strategiyasının bir hissəsidir: "Bu gün AXA ilə imzalanmış müqavilə və bununla da yerli şirkətin faktiki olaraq, dünyanın ən iri maliyyə-sığorta qrupunun bir hissəsinə çevrilməsi, həm ölkə daxilində, həm də xaricdə müştərilərə sığorta və təkrarsığorta xidmətlərinin göstərilməsində "MBASK"ın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eyni zamanda sığorta bazarında sağlam rəqabətin daha da inkişaf etməsinə şərait yaradacaq".

 

"AXA MedLa Region" (Aralıq Dənizi və Latın Amerikası regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju çıxışında bildirib ki, hər iki şirkət öz qüvvəsini birləşdirərək yeni bazarda imkanlardan istifadə edərək "MBASK" sığorta şirkətinin inkişafını daha da sürətləndirəcək.

 

AYİB-in Bakı ofisinin rəhbəri Fransis Deleyin sözlərinə görə, AYİB Azərbaycanda və bütövlükdə regionda sığorta və maliyyə sahələrinin inkişafına uzunmüddətli tərəfdaşlığını nümayiş etdirib: "Biz inanırıq ki, AXA-nın Azərbaycana gəlişi ölkənin sığorta sektorunun inkişafında mühüm mərhələ olacaq".

 

Qeyd edək ki, "MBASK" sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və müştərilərə 29 sığorta növü xidmət göstərir. Şirkətin 100 işçisi, 5 regional filialı mövcuddur. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manatdır.